Keçid linkləri

-

PUTİN QAYITDI...

Kiçik aradan sonra yenidən siyasi gündəmə qayıdan Rusiya prezidenti Vladimir Putin özünün növbəti bəyanatı ilə dünyanın təşvişini artırdı desək, elə də yanılmarıq – O, Avrasiya İttifaqının vahid valyutaya keçməsinin əsl vaxtı olduğunu bir daha dilə gətirdi...

Biz azərbaycanlılar daha çox ona diqqət yetiririk ki, görəsən, Ermənistan Avrasiya Ittifaqının tədbirlərinə dəvət alır, ya yox? Yox. Ermənistan orada görünmür. Düşünürük ki, bu da Rusiyanın Ermənistan sarıdan arxayınlığıyla bağlıdır – o qədər arxayındır ki, heç Ermənistanın mövqeyini soruşmağı da gərək bilmir...

Amma bu prosesdə Ermənistandan da vacib detallar var – Putin, yarızarafat-yarıciddi, yeni SSRİ qurur. Vahid valyuta və vahid ordu yaratmaq istiqamətindəki səylər bizim dediklərimizə sübutdur...

Diqqətli oxucu dərhal deyə bilər ki, bəs bunlar yatıb indi oyanıblar. Yox, belə deyil. Biz ümumi prosesi həmişə diqqətdə saxlamışıq. Sadəcə, Putin-in səyləri heç də həmişə ciddi təsir bağışlamayıb...

MÜSTƏQİLLİKDƏN MƏYUS OLANLAR....

Gümanlarımız da həmişə sağlam məntiqə əsaslanıb. Bir vaxt Qazaxıstanda Olzhas Suleimenov ölkəsinin tam müstəqilliyinin əleyhinə olduğunu dilə gətirəndə və bununla da vətənpərvər qazaxların qəzəbinə tuş gələndə, artıq bu qənaətdə idik ki, bu, nəyəsə hazırlıqdır...

Məsələ bundadır ki, çox savadlı adam olsa da, O.Suleimenov yenə də şairdir.

Ən başlıcası, o, Nursultan Nazarbaev-in yaxın dostudur. Qazaxıstan prezidenti onun haqqında, həm də şəxsən, «Mənim dostum Olzhas» adlı yazı da yazmışdı...

Vladimir Putin və Nursultan Nazarbaev - 2014

Vladimir Putin və Nursultan Nazarbaev - 2014

Demək istədiyimiz nədir? Odur ki, qazax şairi böyük ehtimalla siyasətçi dostunun növbəti böyük layihəsinə zəmin hazırlayırdı...

Bu gün V.Putin-in layihəsi kimi qəbul olunsa da, N.Nazarbaev hamıdan əvvəl Avrasiya Birliyindən söz açmışdı. Ümumiyyətlə, onun böyük inteqrasiya layihələri irəli sürmək kimi şakəri var.N.Nazarbaev belə layihələrdən siyasi dividentlər götürməyi bacarır... Amma bir maraqlı məsələ də var. Qazaxıstan Ukraynaya həmişə bir qədər qısqanclıqla yanaşır və onun MDB-dəki roluna iddia edirdi...

İndi səhnə boşdur, Ukrayna yoxdur. Qazaxıstan prezidenti öz fantaziyasına istədiyi qədər meydan verə bilər...

DOĞRUDANMI MÜMKÜNDÜR?

Amma indi səhnənin əsas fiquru, təbii ki, V.Putin-dir. Sadəcə, bu adam anlamaq istəmir ki, nəyisə istəmək azdır, buna hazır olmaq, bunu bacarmaq da lazımdır.

V.Putin Avropa Birliyini yamsılamaq istəyir. Amma böyük işlər yalnız arzularla qurulmur. Avropa Birliyi indiki formuladək yarıməsrlik yol keçib və hər şey heç də birdən-birə alınmayıb.

İndi Rusiyanın hansı böhranı yaşadığı hamıya bəllidir. Elə Qazaxıstanın və Belarusun da vəziyyəti qibtə doğurmur. Belə bir halda hansı böyük layihədən söhbət gedə bilər?

Bəlkə də V.Putin düşünür ki, ölkəni xilas etməyin yolu yeni valyutaya keçmək və böyük inteqrasiya layihələrinə start verməkdir...

İMPERİYALAR GENİŞLƏNMƏSƏ...

Nə demək olar? İmperiyalar həmişə genişlənməyə can atır. Bu yolla onlar özlərini hifz edəcəklərini düşünür. Axı imperiyalar, bir qayda olaraq, periferiyalardan – ucqarlardan çürüməyə başlayır. Onları «konsentrik çevrə»lər kimi təsəvvür etsək, bunu anlamaq daha da asanlaşar: imperiyalarda həmişə ən uzaq həlqə qopur, sonra böhran növbəti həlqəyə keçir...

Vladimir Putin ayı obrazında - Almaniya, 2015

Vladimir Putin ayı obrazında - Almaniya, 2015

Beləcə, böhran imperiyanın düz mərkəzinə qədər sirayət edə bilər. O üzdən imperiyalar daim genişlənməyə məhkumdur...

V.Putin şəxsən anlamırsa da, A.Dugin bunu başa düşür və ona izah edə bilir. Təbii ki, bu, bir qədər zarafatdır. Amma təəssüf ki, eyni sözləri V.Putin-in plan və layihələri haqqında deyə bilmirik, çünki rusların özlərinin məşhur bir deyimi var. Onlar deyirlər ki, ağılsız hələ qorxulu deyil, amma təşəbbüskar ağılsız artıq qorxuludur. Sözsüz ki, biz Putin-i ağılsız adam saymırıq, hətta onun SRRİ ilə bağlı motivasiyalarının psixoloji tərəflərini də anlamağa cəhd edirik...

İNDİ KİM ƏRAZİSİNİ ARTIRIR?

Amma 21-ci əsrdə özünə əlavə torpaq birləşdirmək, inanın ki, öz təsirini yaymaq və nüfuz dairəni genişləndirmək üçün heç də ən yaxşı yol deyil. Digər böyük dövlətlər çoxdan belə etmirlər. Bəs niyə Rusiya belə davranır? Çünki

Rusiya kimisə öz tərəfinə yalnız onu özünə tabe etdirməklə, yalnız özünə birləşdirməklə çəkə bilər. «Yalnız özünə tabe etməklə təsirini genişləndirmək» - çox təəssüf ki, böyük bir dövlətin bacardığı yalnız budur. O, mədəni baxımdan cəlbedici deyil, iqtisadi baxımdan qüdrətli deyil, elmi potensialı rəqabətə qadir deyil. Bununla o, bütün mədəni imperiyalardan fərqlənir...

Fərqlər dünyanı daha rəngarəng edir, həm də seçim imkanı yaradır. Amma bu mənzərədən siyasi daltoniklər yararlana bilmirlər. Təəssüf...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG