Keçid linkləri

-

YENƏ TƏƏCCÜBLƏNDİRDİ...

Qonşu Rusiyada daha bir mübahisə predmeti yaranıb. Mübahisə Vladimir Zhirinovsky-nin rəhbərlik etdiyi Liberal-Demokrat Partiyasının (LDR) hazırladığı qanun layihəsindən qaynaqlanıb. Bu layihə sovet quruluşunu faşizmlə eyniləşdirənlərə cinayət məsuliyyəti nəzərdə tutur. Layihə Dumaya təqdim ediləndən sonrapolitoloqlar, sosioloqlar, hətta kulturoloqlar təşvişə düşüblər...

İnsanların düşüncəsinə hakim kəsilmək istəyinin çox əcaib formaları var. Biri də ermənilərin iddia etdiyisoyqırımı qəbul etməyənlərin, ona şübhəylə yanaşanların cinayət məsuliyyətinə cəlb olunmasıdır. İndi Rusiyada V.Zhirinovsky başda olmaqla LDR-nin bəyəndirməyə çalışdığı qanun layihəsi də elə bunu xatırladır...

FAŞİZMƏ BAXDIM, SSRİ-Nİ GÖRDÜM...

Sovet dövrü haqqında fikirlər ziddiyyətlidir. Onu pisləyənlər də var və bu gün Rusiyada olduğu kimi, tam bərpa etmək istəyənlər də...

Amma mən burada bir özəl təəssüratımı yada salacağam. Tələbə vaxtı Moskvada bir sənədli filmə baxmışdım. Çox adi və sadə adı vardı: - «Adi faşizm»... Filmə baxandan sonra mənə qəribə bir fikir hakim kəsildi. Qeyri-ixtiyari düşündüm ki, bu film elə həm də sovetlər haqqındadır!..

Sonradan «Adi faşizm»əbir neçə dəfə baxdım, amma həmin fikri özümdən uzaqlaşdıra bilmədim. Anlayıram, sovetlərə qiymət verəndə psixoloji maneələrlə rastlaşırıq, axı o dövr çoxumuzun uşaqlıq və gənclik illərinə təsadüf edir. Deməli, istər-istəməz, bizə doğma görünür...

Amma totalitarizm totalitarizmdir, ideoloji bazası nasional-sosializm və yakommunizm olsa da, - fərq etməz. Hər iki halda başqa cür düşünən və hətta başqa cür görünən insanları bir aqibət gözləyəcək - ölüm... Elə bu səbəbdən faşizm haqqında film mənə sovetlər dönəmini xatırlatmışdı...

Repressiyaların miqyası və miqdarı hər iki ölkədə - Almaniyada da, SSRİ-də də eyni idi və ola bilər SSRİ-də daha çox idi... Düzdür, o düşərgələrdə insanları yandırmaz, qazla boğmazdılar. Amma məhbusları aclıq, təhqir və dözülməz Sibir şaxtası gözlərdi...

QAZLA BOĞMURDULAR, AMMA...

Repressiyaların miqyası və miqdarı hər iki ölkədə - Almaniyada da, SSRİ-də də eyni idi və ola bilər SSRİ-də daha çox idi. Axı SSRİ əhalinin, millətlərin və «xalq düşmənləri»nin baxımından da Almaniyanı xeyli üstələyirdi...

Sovet həbs düşərgələri say və qəddarlığına görə də «irəlidə»ydi. Düzdür, o düşərgələrdə insanları yandırmaz, qazla boğmazdılar (çox güman, texniki imkanlar və mütəxəssislər yox idi). Amma məhbusları aclıq, təhqir və dözülməz Sibir şaxtası gözlərdi...

Ən çox qəribə gələnsə bilirsiniz nədir? Aleksandr Solzhenitsyn da Rusiyanı təmsil edir, V.Zhirinovsky də...

Mən sovet həbs düşərgələri haqqında ilk dəfə A.Solzhenitsyn-dan eşitmiş, daha doğrusu onun əsərlərindən oxuyub-bilmişəm. Doğrudanmı bu gün Rusiya adlı ölkədə «dəmir Feliksin şineli»ndən çıxmış bəzi siyasət və dövlət adamları günün birində A.Solzhenitsyn-ın da kitablarından tonqal qalayacaqlar? Heç təəccüblənmərəm, axı Rusiya get-gedə Şimali Koreyanı xatırladır – «ilıqlaşma» və «yenidənqurma» illərindən sonra çəkilib-gözəçarpmayan və bəlkə də yoxa çıxan «kütləvi psixoz» yenidən qayıdır. Sanki «yenidənqurma»nı sanki yenidənqırma əvəzləyir...

AZADLIQDAN QAÇIŞ?

Necə olar bilər ki, insan totalitar keçmişin həsrətini çəksin? Bir yozmu budur ki, totalitarizmdən yenicə çıxmış insan birdən-birə böyük bir yükün dövlətin üzərindən götürülərək onun çiyinlərinə qoyulmasına dözmür - dövlətlə özü arasında yaranmış boşluq, uçurum ona dəhşətli görünür!..

Axı o keçmişdə, yalandan da olsa, bərabərlik vardı. Axı o keçmişdə sosial fərqlər elə də gözə çarpmırdı. İndisə bunlar qalib ədasıyla adamın gözünə girir...

...Bu yerdə Robert Rozhdestvensky-nin ilk şeirlərindən biri yadıma düşür. O yazırdı ki, biz rahat yatırıq, amma Jozeph Stalin yoldaş yatmır, bizim haqqımızda düşünür... Amma sonradan yoldaş Stalin-in əslində nə düşündüyü üzə çıxdı. Amma nə dəxili, sonra bu da unuduldu və insanlar yenə əvvəlki «düşüncələr»in nostaljisini yaşamağa başladılar. Niyə belə olur? Nədən belə baş verir? Görünür, ötən illər hədər keçib - Rusiyada fərd, şəxsiyyət yetişməyib və liberal dəyərlər oturuşmayıb. Bəlkə də insanlar 1991-ci ildən sonra baş verənlərə də elə NEP (sovet dövrünün ilk illərində tətbiq olunmuş yeni iqtisadi siyasət) kimi, yəni ötəri proses kimi baxırlar...

BƏLKƏ DƏ QAYITDI...

Bəlkə də düşünürlər ki, bir gün bütün bunlara yenə son qoyulacaq və yeni «burjuy»ların – «nuvoriş»lərin indiyədək çapıb-taladıqları sərvət onlara paylanacaq. Özləri də yeni «QULAQ»lara (Baş Düşərgələr İdarəsinin rusca adının qısaldılmış forması –red.) - həbs düşərgələrinə qapadılacaqlar...

Bunun tam belə olub-olmadığını deyə bilmərəm, amma bir fakt danılmazdır: Rusiyada azad insan yetişmədi!.. Həm də təkcə Rusiyadamı?..

...Çoxları deyir ki, bəli, insanlar keçmişin nostaljisini yaşayır, amma səbəbini söyləmirlər. Demirlər ki, axı onlara yeni quruluşun üstünlüklərini yaşamağa, dadını çıxarmağa, özlərini həqiqətən azad hiss etməyə və bu azadlığı qiymətləndirməyə imkan vermədik!..

Demək, sual doğur: Bütün bu 25 illik prosesin nəticəsi keçmiş kommunist nomenklaturasının kapitalistlərə çevrilməsi, onların mal-mülk və sərvət sahibinə çevrilməsi olacaqdısa,bu zaman dilimini yaşamağa dəyərdimi?..

Bəlkə insanlar elə bunu anlayaraq keçmiş dönəmin xiffətini çəkirlər? Axı o keçmişdə, yalandan da olsa, bərabərlik vardı. Axı o keçmişdə sosial fərqlər elə də gözə çarpmırdı. İndisə bunlar qalib ədasıyla adamın gözünə girir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG