Keçid linkləri

Təcili xəbərlər

Trampı müzakirə etməyə nə var ki...


SOVET VAXTININ LƏTİFƏLƏRİ...

Tələbəlik vaxtı bir dəfə hərbi hazırlıq müəllimimiz dərsin düz yarısını hiyləgər imperialistlərin sovetlərin dövlət və ictimai xadimləri haqqında düzüb-qoşduqları “duzlu” lətifələrə həsr etdi...

Dediyinə görə imperialist dairələr bu yolla sovet dəyərlərinə olan inamı sarsıtmağa, insanlarda müqəddəs hisləri öldürməyə çalışırdılar.

Təbii, hamımız açıq şəkildə olmasa da, ürəyimizdə bu başabəla “ideoloq hərbçi”nin nəzəriyyəsinə xeyli güldük.

...o dövrün lətifələrində əsl sovet ruhu vardı. Dərhal hiss olunurdu ki, bütün bunlar “xalis yerli məhsul”dur – necə deyərlər, xalqın öz yaradıcılığının nəticəsidir.

Ona görə ki, o dövrün lətifələrində əsl sovet ruhu vardı. Dərhal hiss olunurdu ki, bütün bunlar “xalis yerli məhsul”dur – necə deyərlər, xalqın öz yaradıcılığının nəticəsidir.

İndi, üstündən artıq on illər ötəndən sonra qeyri-ixtiyari olaraq həmin lətifələrdən biri yadıma düşdü...

Qərəz, ilk dəfə SSRİ-ni “şər imperiyası” adlandırmağı və sonradan onu dağıtmağı ilə həmişəlik tarixdə qalacaq ABŞ prezidenti Ronald Reyqanla Sovet lideri Loenid Brejnev görüşür.Reyqan deyir ki, bəs, ABŞ-da hər bir adam Ağ Evin qarşısına gəlib mənim haqqımda ürəyindən keçəni deyə bilər.

Brejnev də heç özünü itirmir və belə cavab verir: “Burada təəccüblü nə var ki?.. SSRİ-də də hər bir adam gəlib Qızıl Meydanda ABŞ prezidenti haqqında istədiyini söyləyə bilər...”.

ÖZÜMÜZƏ GƏLƏNDƏ...

Bilirsiniz, bu lətifəni niyə xatırladım? Hər yerdə olduğu kimi indi Azərbaycanda da insanlar ABŞ-dakı son seçkiləri və Donald Trampı müzakirə edirlər. Bir tərəfdən bu, çox yaxşıdır. İnsanlar dünyada baş verən siyasi proseslərlə maraqlanırlar.

Amma kiçik bir nüans var. Leonid Brejnevin məntiqilə desək, müstəqil və demokratik Azərbaycanda da hər bir adam ABŞ-dakı seçkilər haqqında ürəyi istəyəni deyə bilər, hətta arzulasa, Amerikanı və amerikalıları lap “yıxıb sürüyər” də!

Buranın dərdi-səri bir az başqadır. Burada Azərbaycandakı seçkilər haqqında danışmaq və ya Azərbaycanı idarə edənləri müzakirə etmək olmur.

Buranın dərdi-səri bir az başqadır. Burada Azərbaycandakı seçkilər haqqında danışmaq və ya Azərbaycanı idarə edənləri müzakirə etmək olmur. Elə bil heç, vur-tut, ay yarım bundan əvvəl referendum keçirilməyib bu ölkədə! O vaxt hakim partiyanın ideoloqları deyirdilər ki, dünya dəyişir və biz də onun çağırışlarına cavab olaraq insanların hüquq və azadlıqlarını “genişləndirməyə” çalışırıq.

Düzdür, hüquqlar elə həqiqətən də genişləndi, inkar etmirəm. Amma gəl ki, kimin hüquqları? İdarə olunanların, yoxsa idarə edənlərin? Kim daha çox hüquq və imtiyaz qazandı – hakimiyyət, yoxsa cəmiyyət?

Ölkəni faktiki olaraq monarxiyaya çevirdlər və bu gün şövqlə Trampı və ABŞ-dakı seçkiləri müzakirə edən toplum da özünü elə göstərdi ki, sanki bütün bunların onlara heç dəxli yoxdur...

Buna da bax: Tramp seçildi, gözləntilər

Düzdür, baş verənləri özünə əməlli-başlı dərd edənlər, öz içində qovrulanlar da oldu. Hətta bir nəfərlə qısa, ayaqüstü söhbətim indi də yadımdan çıxmayıb. Dedim ki, ölkəni monarxiyaya çevirirlər. Həmin bir nəfər də fikirli-fikirli dedi: “Guya bu vaxta qədər nə idi? Monarxiya deyildi?”

Ona görə də ABŞ-dakı seçkilər və onun mümkün nəticələri haqqında çox da danışmayacam, özümün bir neçə kiçik qənaətimi bölüşəcəm...

TRAMPI GÖRSƏYDİM...

Donald Trampla görüşmək imkanım olsaydı heç bilirsiniz ondan nə soruşardım? Əslində soruşmalı çox şey var. Amma mənim üçün bir məsələ xüsusi önəm kəsb edir.

Deyərdim: “Cənab Tramp bəs indi necə, Amerikadakı seçkilərə inandınızmı? Seçicilərin siyahılarında dünyasını dəyişmiş insanlara rast gəlmədiniz ki? Bir neçə dəfə səs verən adamlarla qarşılaşmadınız ki?”...

Bilirsinizmi, Klinton niyə uduzdu? Klintonun seçki texnoloqları lap axıra qədər insanları Trampın çıxışlarında nələrin cəzb etdiyinə diqqət yetirmədilər.

Etiraf edirəm ki, seçki kampaniyası vaxtı Trampın öz ölkəsindəki seçkilər barədə dedikləri məni tamamilə çaş-baş salmışdı. Elə bilirdin söhbət ABŞ-dan deyil, Azərbaycandan ya Özbəkistandan gedir!

O ki qaldı Hilari Klintonun uduzmasına, burada da çox səbəblər oldu. Amma mən bir detalın üstündə dayanmaq istərdim.

Bilirsinizmi, Klinton niyə uduzdu? Klintonun seçki texnoloqları lap axıra qədər insanları Trampın çıxışlarında nələrin cəzb etdiyinə diqqət yetirmədilər. Onun auditoriyasındakı insanların nələri eşitmək istədiyinin fərqinə varmadılar, əvvəldən axıra qədər Trampa qeyri-ciddi bir adam kimi baxdılar, “Buna heç öz partiyadaşları səs vermək istəmir!” dedilər. Nəticəsi də belə oldu...

ABŞ SİYASƏTİNİN BİR REALLIĞI...

Bilavasitə Azərbaycanla bağlı siyasi nəticələrə gəldikdə isə, bunlar da deyilir-yazılır. Hamı ya üstüörtülü, ya da açıq şəkildə ABŞ-ın yeni seçilmiş prezidentinin Azərbaycan və azərbaycanlılarla bağlı əlaqələrinə işarələr vurur. Üstəlik, Trampın seçki kampaniyası vaxtı “ABŞ bundan sonra heç bir ölkədə hakimiyyəti dəyişməyə çalışmayacaq!” deməsi də rəsmi Bakının könlünü oxşamaya bilməz...

Buna da bax: Susanların mükafatı...

Qarabağ probleminə gəldikdə isə, burada da bir nüans var. Daim Ermənistanı Azərbaycan və Türkiyə ilə şantaj edən, ermənilərə “Əgər biz olmasaq Azərbaycanın və Türkiyənin ayaqları altında qalacaqsınız!” deyən Rusiyadan fərqli olaraq ABŞ-ın Ermənistanda, hətta deyərdik ki, cəmi Qafqazda ciddi geosiyasi maraqları yoxdur. Amma ABŞ siyasətinin bir reallığı var: erməni əsilli amerikalıların səsləri respublikaçılar üçün də vacibdir, elə demokratlar üçün də.

Ona görə də Klintonun seçiləcəyi təqdirdə də Qarabağ problemində dönüş olacağını düşünmürdük. Nə dövlət katibi Klinton, nə də ABŞ prezidenti Obama fəaliyyətləri dövründə bu konteksdə hər hansı ciddi bir ştrixlə yadda qalmadılar.

Ümumi halda götürəndə, rəsmi Bakını respublikaçılarla dialoqu həmişə daha asan olub. Unutmayaq ki, Azərbaycana qarşı tətbiq olunan məşhur 907-cü düzəlişin də qüvvəsini respublikaçı Corc Buş dayandırmışdı...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG