Keçid linkləri

Təcili xəbərlər

Hökumətə “idman salamı”


İstirahət günü yazısı, düşünməyə belə ehtiyac yoxdur, sadə dildə yazılmış mətn, oxumaq üçün​

İzah. Niyə ənənədən kənara çıxıb, düşünmək üçün yazmadım? Səbəb sadədir, yazının ünvanı hökumətdir, onların düşünməklə arası yoxdur, sadəcə oxusalar, anlayacaqlar.

Dünyada ən populyar idman növü futboldur, araşdırmalar göstərir ki, dünyada 2 mlrd. nəfərdən çox insan futbolla maraqlanır, oyunları izləyir. Futbolda zaman-zaman yeni sistemlər test edilib, son 50 ildə oyunçuların meydançada funksiyaları, oyunun tempi, futbolçuların meydanda düzülüş sxemləri, oyun sistemləri çox dəyişib. Hollandlar, məsələn, “total futbol” anlayışını gətirdilər, sonra SSRİ-də Lobonovski bu sistemi daha da təkmilləşdirdi, bu yanaşmaya yeni elementlər qatdı.

Bir çox insanlar düşünür ki, hökumətdə olan nazir-məmurları dəyişsək, ölkədə həmən vəziyyət düzələcək, problemlər şəxslərdən asılı olduğundan, yeni məmurlar daha yaxşı idarə edə biləcəklər...

Futbolda müxtəlif sxemlər var: 4-4-2, 4-3-3, 5-4-1, 5-3-2 v s., sxemlərin, oyun sisteminin seçilməsi məşqçinin komanda qarşısında qoyduğu hədəfdən asılı olur. Səfər oyunlarında məşqçi bir sxemlə, ev oyunlarında başqa bir sxemlə komandasını meydaçaya çıxara bilər. Məşqçinin əlində olan oyunçuların texniki və fiziki göstəriciləri də çox önəmlidir və məşqçiyə həmin kriteriyalara görə oyunçuları sxemdə düzməyə imkan verir. Əgər məşqçi oyunçunun potensialını ölçə bilməsə, sistemdə yerini doğru-dürüst təsbit edə və ulduz oyunçularının sistem içində bir-birlərinə uyum saxlamasının yollarını tapmasa, güclü oyunçular belə heç bir nəticə göstərə bilmirlər. Qısası, oyunçuların yaxşı, güclü olması azdır, əsas sxemi, sistemi doğru-düzgün qurmaqdır, məhz bu zaman yaxşı nəticəyə malik komandalar formalaşır.

Səbr edib bu yerə qədər oxuyan vətəndaş, bəli, səninləyəm, indi düşünürsən ki, bütün bunların hökumətlə nə əlaqəsi? Darıxma, gəldik məsələnin “püf nöqtəsinə”. Bir çox insanlar düşünür ki, hökumətdə olan nazir-məmurları dəyişsək, ölkədə həmən vəziyyət düzələcək, problemlər şəxslərdən asılı olduğundan, yeni məmurlar daha yaxşı idarə edə biləcəklər. Bizlər isə illərdir deyirik ki, problem tək şəxslərdə deyil, məhz sistemdə, sxemdə, “oyun qaydalarındadır”. Hələ də düşünənlər var ki, bir gündə tək elə “oyunçuları” dəyişdirsən, “oyun” daha yaxşı alınacaq, komanda qalıb gələcək, problemlər çözüləcək. Səhv yanaşmadır, oyun qaydaları, sistemin özü, insanları deyil də, onların maraqlarını idarə edən bir fəlsəfə hakim olmasa, bit tək insanları dəyişməklə heç nə dəyişməyəcək.

Futbol dili ilə desək, hökumət anlamalıdır ki, artıq oyunun 88-ci dəqiqəsidir, uzatmalara az qalıb, zaman sürətlə daralır, və artıq uğursuzluq gətirən oyun qaydalarını, oyunun sxemini, sistemini dəyişmək lazımdır. Obrazlı desək, hökumət illərdir 9-1 sxemi ilə oynayırdı, bütün uğurlar bir hücümçünün ayağəna yazılırdı, indi uğursuzluq dönəmində oyun sxemi dəyişməli, məsuliyyət bölgüsü olmalı, bu isə paralel olaraq səlahiyyət bölgüsünə də gətirib çıxartmalıdır. Ancaq bundan sonra oyunda illərdir heç bir uğur qazanmayan fiziki formadan düşmüş, yekəqarın oyunçuları əvəz etməklə ciddi nəticə əldə etmək mümkün olacaq. Oxuyun, cənablar (hökumətdə ancaq cənablardır, ona görə xanımları qeyd etməyin), oxuyun və nəticə çıxardın, birazdan final fiti səslənəcək, oyun bitəcək...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG