Keçid linkləri

Təcili xəbərlər

”Nobel”dən urvatlı ”Qızıl qələm”


2015-ci il ədəbiyyət üzrə Nobel mükafatı laureatı, Belaruslu yazar Svetlana Aleksievich mükafatı qəbul edərkən.
2015-ci il ədəbiyyət üzrə Nobel mükafatı laureatı, Belaruslu yazar Svetlana Aleksievich mükafatı qəbul edərkən.

Siyasi azadlıq olmayan yerdə başqa azadlıqlardan danışmaq yersiz görünür. O, yerdə qalan bütün azadlıqların həyat mənbəyi, qaynağıdı, həm də üstlərində hegemondu.

Siyasi azadlığa iynəgözü yol qoyan hakimiyyətlər “yerdə qalan” azadlıqlara cızılı xətt içində müəyyən yaşama haqqı da tanıyır. Onun total nəzarətdə saxlandığı ölkələrdə isə “qismən azadlığa” belə yer qalmır.

Hamı hürr yaşamaq istəyir, amma azadlığa ən çox yaradıcı adamların ehtiyacı var – hava kimi, su kimi. Ruhu, ilhamı qandallıların yaratdığı əsərin son yeri zibillikdi.

Hamı hürr yaşamaq istəyir, amma azadlığa ən çox yaradıcı adamların ehtiyacı var – hava kimi, su kimi. Ruhu, ilhamı qandallıların yaratdığı əsərin son yeri zibillikdi.

Yəqin elə buna görədi ki, avtoritar, totalitar ölkələrdə ən faciəli hala yaradıcı adamlar düşür. Faciə deyəndə həbsi, sürgünü, edamı demirəm. Daha dəhşətli mənzərə yaradıcı elm, sənət, söz adamının müti varlığa çevrilməsidi.

“Pravda” qəzeti 31 avqust 1973-cü il sayında bir dəstə məşhur sovet yazıçısının Andrey Saxarovu, Aleksandr Soljenitsını “antisovet fəaliyyət və çıxışlarda” ittiham edən açıq məktubunu dərc eləmişdi. Onda Soljenitsın artıq Nobel mükafatını almışdı, Saxarov isə iki il sonra alacaqdı. Hər ikisi o dövrdə sovet elm və ədəbiyyatını dünyada təmsil edən xadim olmaqla yanaşı, həm də insan hüquqlarının tək-tük carçılarından idi.

Sözümün canı nədi? Deyim!

Svetlana Aleksiyeviç və onun «Время секонд хэнд» (”Ikinci əl zamanı”) kitabı haqda yazdığım “Пазл–мозаика сломанных судеб” (”Qırıq talelərin pazl tablosu”) adlı məqaləni ötən ay dostların bələdçiliyi ilə Belarusun, Rusiyanın bir neçə ədəbi dərgisinə göndərdik. Elə-belə, baxsınlar, istəsələr dərc eləsinlər deyə.

Aleksiyeviçin Nobel mükafatı alması vətəndaşları siyasi azadlıqlarını müstəqillik illərində də qazana bilməyən post-sovet ölkələrində pis rezonans doğurdu. Bundan xəbərim vardı deyə, məqalənin dərc olunacağına elə də ümidim-filan yox idi. Gümanımda yanılmadım.

O ədəbi dərgi redaktorlarından aldığım cavab və şərhlər mənə yazı üçün mövzu verdi – onların Aleksiyeviçə münasibəti “Pravda” qəzetindəki həmin “açıq məktub”un məzmunuyla eyniydi.

Görünən odu ki, sovet siyasi sistemini azacıq formal dəyişiklə davam etdirən ölkələrin vətəndaşlarında sən deyən ciddi məzmun dəyişikliyi baş verməyib.

”Nobel”li yazıçının söz açdığım kitabını oxuyanlar təsdiqləyərlər, elə mən də adını çəkdiyim məqalədə yazmışam ki, kitab tək sovet adamından deyil, həm də sovetsonrası insandan bəhs edir. Görünən odu ki, sovet siyasi sistemini azacıq formal dəyişiklə davam etdirən ölkələrin vətəndaşlarında sən deyən ciddi məzmun dəyişikliyi baş verməyib.

Belarus ədəbi dərgilərinin redaktorları ilk Nobel mükafatı almış belarus yazıçını az qala “Pravda”dakı o məktub ruhunda ”faktları təhrif etmək”də, ”xəyanət”də, ”şəxsi marağını güdmək”də ittiham edirlər.

Niyə?

Çünki Svetlana Aleksiyeviç Putin-Lukaşenko siyasi sisteminin sərt tənqidçisidi və hər iki ölkənin siyasi elitası ona nifrət edir. Aleksiyeviç öz kitablarında Homo Soveticus və ondan elə də fərqlənməyən bugünkü irs davamçılarının xarakterini dərin qatlaracan açıb göstərir.

Redaktorların sərgilədiyi münasibət Lukaşenko, Putin administrasiyasının ritorikasından qəti fərqlənmir! Son bir ildə Rusiya mətbuatında Aleksiyeviçin ”linç” edilməsindən danışmıram heç, ədəbiyyatla maraqlananların xəbəri var.

Şübhəm yoxdu ki, belə ədəbi-siyasi elita üçün ”İttifaq dövlətinin ədəbiyyat və incəsənət sahəsində mükafatı” (Премия Союзного государства в области литературы и искусства), yaxud, məsələn, Belarus prezidentinin təsis etdiyi ”Mənəvi dirçəlişə görə” (За духовное возрождение) mükafatı ”Nobel”dən daha ”nüfuz”ludu.

İşdi-şayəd, Allah elə(mə)miş hakimiyyətin çıxdaş elədiyi bizim ”izqoy” bir yazıçımız ”Nobel”, kino xadimimiz ”Oskar”, yaxud musiqiçimiz ”Qremmi” mükafatı alsa, ədəbi-mədəni cameəmiz nə edəcək? Cibinə daş yığıb əmr gözləyəcək?

Bu yazını yaza-yaza özümüzü də düşünürəm.

İşdi-şayəd, Allah elə(mə)miş hakimiyyətin çıxdaş elədiyi bizim ”izqoy” bir yazıçımız ”Nobel”, kino xadimimiz ”Oskar”, yaxud musiqiçimiz ”Qremmi” mükafatı alsa, ədəbi-mədəni cameəmiz nə edəcək? Cibinə daş yığıb əmr gözləyəcək?

Yəqin müdrik görkəm alıb ”Elə ”Nobel”dənsə bizim ”Qızıl qələm” yaxşıdı” ritorikasında ağıllı-ağıllı müzakirələr açarıq, TV-də, sayt-qəzetdə. Milli-mənəvi dəyərlərimizi qəhrəmancasına xain həmlələrdən qoruyarıq.

…Yazının əvvəlində siyasi azadlığın bütün azadlıqların tacı olduğunu yazdım. Azadlıqların olmadığı toplumun sonu mənəvi çöküşdü, müti həyatdı.

Hər toplumun önündə onun yaradıcı adamları durur. Əmrəmüntəzir cəmiyyətin yaradıcı adamı buyruqqulu, azad toplumun yaradıcı söz sahibi isə hürriyyətpərvər şəxsiyyət olur.

Gözüqıpıq cəmiyyət yaradıcı azad adamı qoruya bilməz, anında çıxdaş edər. Belə cəmiyyətlərin nehrəsi yalnız “qızıl qələm”likləri üzə çıxarar.

P.S. Söhbəti gedən məqaləni təkcə Belarusun litkritika.by saytı dərc elədi. Təbii, redaktorun şərhiylə!

P.P.S. Bir də, ”Qızıl qələm”i ədəbi-mətbu mükafatların ümumiləşdirilmiş adı kimi seçdim.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG