Keçid linkləri

Məhəmməd (orta statistik kiçik sahibkar obrazı) siyasətlə maraqlanmır, günün 18 saatını işləyir, kiçik dükan sahibidir. Son 2 ildə ölkədəki böhranlı vəziyyət ən çox ona, onun biznesinə təsir edib, dövriyyəsi, qazancı azalıb. Məhəmmədə Vergilər Nazirliyi haqsız cərimə yazıb, o cəriməni ödəsə, dükanı bağlamalı olacaq, işi tamam dayanacaq. Məhəmməd məhkəməyə inanmır, məhkəməni də əlavə xərc sayır, ədalətli qərar çıxacağına ümidi yoxdur deyə:

Məhəmməd məhkəməyə inanmır, məhkəməni də əlavə xərc sayır, ədalətli qərar çıxacağına ümidi yoxdur deyə...

1) İlkin olaraq tanış-dost axtarır ki, məsələni həll etsin, 2) Kredit, ya da borc almağa çalışır ki, cəriməni ödəsə dükanı bağlamasın, amma həm də anlayır ki, borca girsə, uzun illər o borcun qaytarılmasına çalışmalı olacaq, 3) Əmlakını satıb, ölkədən tamam getməyi düşünür.

Əgər ölkədə ədalətli məhkəmə olsa, Məhəmməd məhkəməyə müraciət edir, haqlı olduğunu sübut edir, cərimə ləğv edilir, ya da, azaldılır, məhkəmələr doğru-düzgün qərar verirsə, vergilər də öz işinə çəki-düzən verməyə məcbur olur, iş adamlarını yükləmir. Vergi orqanları məhkəmələr vasitəsi ilə qanun çərçivəsinə salınsa, o zaman həmin orqanlardan müxalif düşüncəli iş adamlarına, QHT nümayəndələrinə qarşı istifadə edilməsi mümkün olmayacaq. Vergilər çərçivəyə düşsə, öz şəxsi maraqları təmin edilməsə, bu sistemin “oyun qaydalarını” niyə qorusunlar ki?!

Məhəmməd anlayır ki, pulu verməsə, gecələrin birində dükanına oğru girə, əmlakı yana, oğlunun cibindən narkotik çıxa bilər.

Məhəmmədin dükanı olan məhəllədə sahə müvəkkili var, qapının ağzına mal qoymağa, gecələr dükanın təhlükəsizliyini təmin etməyə görə ondan qeyri-qanuni ödəniş alır, pul istəyir. Məhəmməd anlayır ki, pulu verməsə, gecələrin birində dükanına oğru girə, əmlakı yana, oğlunun cibindən narkotik çıxa bilər. Ədalətli məhkəmə olsa, Məhəmməd şikayət verər, həmin sahə müvəkkili ya işdən atılar, ya da cinayət məsuliyyətinə cəlb oluna bilər. Amma, əgər həmin sahə müvəkkili öz ərazisindən xərac toplaya bilməyəcəksə, həmin ərazidə “dövlət maraqlarını” qorumağa həvəsi olmayacaq. Deməli, ədalətli məhkəmə indiki sistemin “oyun qaydalarına” zərbə vuracaq.

Məhəmmədin övladı Universitetdə oxuyur, müəllim ondan imtahan üçün pul istəyir, ədalətli məhkəmə olsa, Məhəmməd həmin işi məhkəməyə daşıyar, müəllim cəzalanar, bundan sonra rüşvət Ali Məktəbdən yığışar. Amma, həmin müəllimin öz maddi marağı olmayacaqsa, nədən YAP-ın mitinqinə tələbə göndərsin, YAP-ın seçkisində saxtalaşdırmada iştirak etsin? Maraq yoxdursa – dəstək də yoxdur, deməli, bu anlamda da ədalətli məhkəmə sistemin “oyun qaydalarına” ziddir.

Deməli, ədalətli məhkəmələr müstənqi də doğru-dürüst işləməyə məcbur edəcək, başqa sözlə, bu anlamda da normal məhkəmələr sitemin “oyun qaydalarına” uyğun gəlmir.

Məhəmmədin kiçik qardaşı maşınla qəza törədib, iş artıq istintaq orqanına çatıb, müstəntiq əlində olan cinayət məcəlləsini istədiyi kimi tədbiq etmək hüququndan istifadə edərək, ona ya cərimə, ya 1 ildən 3 ilə, ya da 3 ildən 8 ilə qədər maddə qoya bilər. Məhəmməd pul verməli, qardaşını oradan çıxartmalıdır, amma ədalətli məhkəmə olsa, məhkəmə doğru-düzgün araşdırma aparacaq, qardaşının nəyə layiqdirsə, o cəzanı verəcək, ya da, günahı yoxdursa, bəraət verib evə göndərəcək. Amma, həmin müstəntiqin maddi maraqları tamam sıfırlansa, o niyə müxalifətçilərə “torba tiksin”, nədən siyasi işlərdə qanunları pozsun ki?! Deməli, ədalətli məhkəmələr müstənqi də doğru-dürüst işləməyə məcbur edəcək, başqa sözlə, bu anlamda da normal məhkəmələr sitemin “oyun qaydalarına” uyğun gəlmir.

Hörmətli Məhəmməd, siyasətə qarışmaya bilərsən, sənin haqqındır, normaldır, amma ədalətli məhkəmə məhz sənin ŞƏXSİ maraqlarına uyğundur, Ədaləti tapsan, həm çox pul qazanacaqsan, həm də əlavə xərclərdən azad olacaqsan. Məndən demək, sən isə, qardaş, bir düşün bunu, tamammı?!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG