Bir çox insanlar sual verir ki, əgər manat devalvasiyaya uğrayıbsa, ucuz neft qiymətlərində belə büdcəmiz manat ekvivalentində daha çox vəsait qazanmalıdır, bəs problemlər nədən, niyə, nə üçün yaranıb? Çalışacağam bu suallara aydınlıq gətirim.
Azərbaycanda “analoqu olmayan” inkişafın son ili 2013-cü il oldu, həmin ilin göstəricilərini baza kimi götürərək, bəzi hesablamalarla indiki durumu izah etmək mümkündür.
2013-cü ildə Azərbaycanda neft hasilatı sutkada 931 min barel təşkil edib, Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin gəlirləri 19 159 000,0 min manat səviyyəsində təsdiq edilmişdi. Həmin ilin məzənnəsinə görə bu təqribən, 22-23 mlrd. dollar edirdi. 2013-cü ildə ölkəmizin satdığı neftin ortalama qiyməti 110 dollar idi. Azərbaycanın neftə olan daxili təlabatı gündəlik 100 min barel civarındadır. Ölkəmizin satdığı neftin 75%-i bizə, 25%-i ABƏŞ-ə məxsuzdur. 2013-cü ildə neftin maya dəyəri (daha doğrusu, əməliyyat xərcləri) Ceyhan limanı xərcləri də daxil, ortalama, 11 dollar idi. Yəni, ölkəmiz hər barel neftdən, təqribən, 75 dollar qazanırdı, bu da o zamankı məzənnə ilə 60 manat civarında idi. 2013-cü ildə gündəlik 931 min barelin 100 mini daxili təlabata istifadə edilirdi, satışa, təqribən, 830 min barel gedirdi ki, bundan da Azərbaycana düşən pay günə 62 mln dollar, və ya, 49 mln. manat idi. Bundan əlavə həm SOCAR, həm ABƏŞ yüksək neft qiymətlərində daha çox vergi ödəyirdilər.
2016-ci ildə ölkəmizin neft hasilatı, təqribən, 820 min barel olub. Daxili istehlakımız, gündəlik 120 barel civarında olub, deməli 700 mln barel satışa çıxarılıb. 2016-cı ildə neftimizin ortalama qiyməti 50 dollar olub. Amma, hasilatın azalması əməliyyat xərclərini artırıb, tranzit və Ceyhan limanına qədər olan xərclər hər barel üçün 13 dollar olub. Yəni, 37 dollardan 75% bizim olubsa, bu hər barelə, ortalama, 29 dollar deməkdir. Belə ki, 2016-cı ldə Azərbaycan hər bareldən gündəlik 27 mln. dollar, 44 mln. manat qazanıb. Onu da deyim ki, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin gəlirləri 14 566 000,0 min manat səviyyəsində təsdiq edilib, bu da indiki məzənnə ilə 9 mlrd. dollar civarındadır.
Yəni, büdcəmiz 2013-cü illə müqaisədə dollar ekvivalentində 13-14 mlrd. dollar azalıb, ölkənin neft gəlirləri, manatın 2 dəfədən çox ucuzlaşmasına baxmayaraq milli valyuta ekvivalentində də 2013-cü illə müqaisədə hər gün ortalama, 5 mln. manat azalıb. Deməli, hasilatın azalması, əməliyyat xərclərinin artması, manatın 2 dəfədən çox ucuzlaşmasına baxmayaraq, milli valyuta ilə də neft gəlirlərini azaldıb. SOCAR və ABƏŞ-in vergi ödəmələri də azalıb.
Bir daha: Ölkənin problemlərin kökü ucuz neft qiymətləri deyil, neftin ucuzlaşması, sadəcə, “kosmetikanı” tez yudu və sistemin bütün “eybəcərlikləri” üzə çıxdı. İqtisadi tənəzzülün kökündə idarəetmə və sistem problemləri dayanır. Bunu anlamadan iqtisadiyyatda atılan addımlar heç bir effekt verməyəcək. Düşünün, xanımlar və cənablar, düşünün, sonra çox gec olacaq...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.