Keçid linkləri

Uydurulmuş bütün inkişaf nağılları həzin sonla bitsə də, hələ də sığındıqları son bəhanə limanı var – sabitlik. Təkcə bizdə yox, demək olar bütün avtoritar və totalitar hakimiyyətlər sabitlik sözcüyü ətrafında dolanaraq, xalqlarına təsəlli verirlər. Hətta haşiyəyə çıxaraq bildirim ki, diqqət etmisinizsə, telekanalizasiyalarımızda xarici xəbərlər bölümündə əksərən mitinqlər, piketlər, hətta təbiət hadisələri göstərilir. Bu da təsadüfi deyil. Şüuraltı "şükür edin ki, bizdə sabitlikdi" mesajı ötürülür. Bəs bu anlayışın inkişaf etmiş ölkələrdəki sabitliklə əlaqəsi varmı?

... buqələmon kimi rəng verib rəng alırlar. Xaricdə özlərini demokrat göstərir, daxildə bütöv məmurlar ordusuyla müxalif qüvvələrin üzərinə yeriyirlər.

Mövzuya giriş etmədən əvvəl bir nüansı diqqətinizə çatdırmaq istəyirəm. Keçmiş SSRİ totalitar bir ölkə idi. Demokratik ölkələrlə arasına dəmir pərdəni çəkib, içəridə istədiyini edirdi. Ancaq mahiyyəti də bəlliydi – diktatura. Ancaq onun dağılmasından sonra yaranan neototalitar post-sovet ölkələrinin hakimiyyətləri bu baxımdan fərqlənirdi. Onlar buqələmon kimi rəng verib rəng alırlar. Xaricdə özlərini demokrat göstərir, daxildə bütöv məmurlar ordusuyla müxalif qüvvələrin üzərinə yeriyirlər. Başqa bir yöndən misal: Məsələn konstitusiyamızda Azərbaycan hüquqi dövlət kimi göstərilib, ancaq realda qanunun bu ölkədə zəiflər üçün olduğunu bilməyən yoxdur.

Bütün bunları nəyə görə yazdım. Müasir avtoritar ölkələr demokratik anlayışlara hissəvi yanaşırlar. Sabitlik də bu qəbildəndir. Sabitlik siyasi-iqtisadi inkişafın əsas və öncəlikli prinsipi kimi qəbul edilir. Əslində həqiqətdə də belədir, ancaq mahiyyət fərqlidir.

Sabitlik – dayanıqlı münasibətlər çərçivəsində konfliktlərin dağılmağa gətirib çıxarmadığı inkişafın vəziyyətidir. Demokratik ölkələrdə sabitlik qanunun aliliyi təmin olunaraq yaradılır. Ancaq bizim kimi avtoritar ölkələrdə mexaniki yolla, administrativ güc tətbiq edərək formalaşdırılır.

Yəni siyasi inkişaf üçün "güclü iqtidar - güclü müxalifət" formulu mütləqdir. Ancaq avtoritar ölkələrdə güclü iqtidar müxalifəti tamamilə zəiflədənə qədər sıxır.

Bəli siyasi inkişafın, başqa sözlə demokratikləşmənin həyata keçirilməsi üçün sabitlik vacibdir. Ancaq inkişafın fəlsəfəsinə görə o, ziddiyyətlərin vəhdətindən yaranır. Yəni siyasi inkişaf üçün "güclü iqtidar - güclü müxalifət" formulu mütləqdir. Ancaq avtoritar ölkələrdə güclü iqtidar müxalifəti tamamilə zəiflədənə qədər sıxır.

Digər tərəfdən, inkişaf amili ilə avtoritar ölkələrin sabitlik anlayışı bir birinə uyğun gəlmir. Niyə? İnkişaf dinamizm, hərəkətlilik deməkdir. Mexaniki yolla yaradılmış sabitlik isə ən yaxşı halda qəbiristanlıq səssizliyini xatırladır. Deməli bunun adını sabitlik yox, sakitlik qoymalıyıq.

İqtisadçı olmadığımdan, iqtisadi inkişafla sabitliyin arasındakı əlaqəni şərh etməyim yanlışlıqlar doğurar. Ancaq digər tərəfdən nümunə üçün dünya xəritəsinə də baxmaq olar. Əgər sabitlik iqtisadi inkişafda həlledici tək faktordursa, o zaman Şimali Koreya, Türkmənistan kimi ölkələr dünyaya model olmalı idi.

Ümumiyyətlə sakitlik dövlətin uzunmüddətli təhlükəsizliyi üçün də risklidir. Belə ki, avtoritar hakimiyyətlər fikir və ideya müstəvisində müxalifətlə rəqabət apara bilmədiyindən, repressiv addımlara üz tutur. Bununla da iqtidar ölkədəki problemləri görmür, öz həqiqətlərini formalaşdırır, başqa sözlə monoloq rejiminə keçir. Beləliklə problemlər gizlinə keçir, yekun nəticədə daha böyük fəlakətlərlə üzə çıxır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG