Keçid linkləri

►ABŞ dünyada lazer silahı əldə etməyə çalışan yeganə dövlət deyil

ABŞ-ın Hərbi Hava Qüvvələrinin Tədqiqat Laboratoriyası (AFRL) bildirib ki, 2020-ci ildə lazer silahı ilə təchiz edilən qırıcı təyyarələri nümayiş etdirə biləcək.

Qurumun rəsmisi Kelly Hammet deyib ki, texnologiya artıq istifadə edilə biləcək həddə qədər inkişaf edib.

Əslində iri təyyarələri lazer silahları ilə təmin etmək illərdir ki, mümkündür. Daha çətin məsələ qırıcılar üçün kiçik, səliqəli və kifyət qədər güclü lazerləri düzəltməkdir. Belə ki, ağırlıq qüvvəsi və səs sürətinə çox yaxın sürətdən qaynaqlanan vibrasiya bu işi son dərəcə çətin edir. Ancaq Kelly Hammet yaxın beş ildə bu çətinliyin öhdəsindən gəlinə biləcəyini düşünür.

AFRL həmçinin “Star Trek” filmində gördüyümüzə bənzəyən başqa bir layihənin üzərində də işləyir. Söhbət müdafiə qalxanından gedir. ABŞ təyyarəsi 360 dərəcəlik lazer "qalxanı" ilə əhatə olunacaq. Həmin lazer təyyarəyə tərəf yönəlmiş hər şeyi, o cümlədən raketi, yaxud hava gəmisini sıradan çıxaracaq.

Buna da bax: Xərçəng xəstəsi olan uşaq müalicə pulunu belə qazanır

Belə bir qalxanı icad etmək üçün hərbi təyyarənin aerodinamikasına mane olmayan lüləyə ehtiyac var. Belə bir lülə artıq uğurla sınaqdan çıxıb.

Bəs bu yeni nəsil silahlar hansı təyyarələrdə quraşdırılacaq? AFRL rəsmisi deyir ki, sözügedən silahlar dördüncü nəsil qırıcı təyyarələrdə quraşdırıla bilər.

ABŞ silahlı qüvvələrindən general Herbert Carlisle F-15 Eagle tipli qırıcıların bu işə yaradığını, üstəlik ilk sınaqların yaxın bir-iki il ərzində keçirilə biləcəyini düşünür.

“Lazer və ənənəvi silahların qarışığı 20-25 ildən sonra döyüş meydanını tamamilə dəyişə bilər,” deyə general qeyd edib.

Sözügedən lazer silahları son dərəcə konsentrasiyalı lazer şüalarını hədəfə tuşlayaraq onu elə bir yüksək temperatura qədər qızdırır ki, hədəf od tutub yanır və beləliklə sıradan çıxır.

Sizin təyyarəniz lazer zərbələri vura bilirsə, deməli, onun “sursatı” elektrik enerjisidir. Yəni təyyarənizin özü üçün kifayət qədər yanacağı varsa, deməli onun silahı da var.

Üstəlik silahınızın lazer şüasından ibarət olması sizə hədəfi inanılmaz dəqiqliklə nişan almaq imkanı verir.

Kelly Hammet həmçinin qeyd edib ki, ABŞ dünyada lazer silahlarını əldə etməyə çalışan yeganə dövlət deyil. Digər dövlətlər də oxşar texnologiyaları inkişaf etdirirlər.

AFRL-in özünün 150 milyon dollarlıq illik büdcəsinin təqribən 1/3-ni lazer texnologiyasına xərclədiyi bildirilir. Məqsəd isə 2020-ci il üçün nəzərdə tutulmuş planları həyata keçirməkdir.

Kelly Hammet əlavə edib ki, AFRL lazerlə təchiz olunmuş dronların istehsalı barədə də düşünür.

XS
SM
MD
LG